Ahmad Rajabli 27B, Uber Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc
Araşdırma

Cleantech nədir? Uğurlu layihələr və Azərbaycanda bu sahə üzrə fürsətlər



Cleantech nədir? Nümunəvi layihələr və Azərbaycanda fürsətlər.

“Cleantech” – Clean Technology – Hərfi mənada dilimizə təmiz texnologiya kimi tərcümə olunan bu termin, əslində müasir innovasiya sahələrindən biridir. “Cleantech” – Müasir dünyamızda texnoloji yeniliklərdən və texnologiyanın köməyindən istifadə etməklə, ətraf mühitə zərəri olmayan və ya hazırki texnologiyalarla müqayisədə daha az zərərli olan məhsulların və xidmətlərin istehsal olunmasıdır. “Cleantech” üçün ən məşhur nümunələrə misal olaraq təkrar istehsal, alternativ və bərpa olunan enerji (günəş enerjisi, külək enerjisi, bioenerji və s.), yaşıl transport (tüstüsüz daşınma, maşın sayının azaldılması, elektrokarlar və s.) və yaşıl kimya kimi sahələri göstərə bilərik.

“Cleantech” – bir sənaye termini olaraq xərclərin azaldıması, ətraf mühitin qorunması, enerji, su və təbii resurs sərfiyyatını azaldan xidmətlər mənasında istifadə olunur. Baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və ətraf mühitin çirklənməsinin qarşını alan və qlobal biznes potensialı olan “Cleantech” startaplar bu problemlərin effektiv və innovativ şəkildə həlli ilə yanaşı, öz qurucularına milyonlar qazandıran və investorların ən çox diqqət mərkəzində olan startaplardır. Qısacası “Cleantech”, ətraf mühitlə bağlı qlobal problemlərə innovativ və texnoloji üsullarla həll gətirən və böyük biznes potensialı olan texnologiyalardır.

2008-ci ildən bu yana Amerika, Çin, Finlandiya və İsrail kimi ölkələr bu sahəyə milyard dollarlarla yatırım edir. “NTEC”, “Cleantech Ventures”, “Foundation Capital” kimi investisiya fondları hər il “cleantech” sahəsində yetişən startaplara yatırım edirlər. Bütün dünya üzrə Amerika, İsrail və Finlandiya “Global Cleantech Innovation Index”nə görə qabaqcıl ölkələr hesab olunur. Diqqətinizə çatdıraq ki, bu qeyd etdiyimiz ölkələr həm də ümumi startap bazarında da ən qabaqcıl ekosistemlərə sahib olan ölkələr sırasındadır.

 

Hansı məşhur “cleantech” startapları var?

“Cleantech” əsaslı yaradılan bizneslər adətən qlobal bazarda “green business” adlandırılır. Biznes və sosial maraqların bir araya gəldiyi startaplar dünyada kifayət qədər məşhurdur. Təkcə “Angel.co”sahibkarların və investorların məşhur platformasında “Cleantech” əsaslı 4000-dən çox startap yer alır. Saytın statistikalarında yer alan məlumatlara görə isə təkcə 12,000-dən çox investor bu sahəyə maraq göstərir. Milyonlarla yatırım alan və kifayət qədər müştərisi olan “Cleantech” əsaslı bir neçə qlobal layihə ilə sizləri tanış etmək istəyirik.

 

1. “Faraday Bicycles”– Dünyanın məşhur elektrikli velosiped istehsalı ilə məşğul olan şirkətlərindən biri olan “Faraday”, öz dizaynı, yüngüllüyü və ətraf mühitə verdiyi töhvəsi ilə ən yaxşı “cleantech” startaplarından biridir desək, yanılmarıq. “Faraday” sürücüsünün sərf etdiyi fiziki enerji sayəsində öz batareyaları vasitəsilə enerji toplayır, təkərlərdə olan xüsusi quraşdırılmış mühərriklərindən güc alan bu velosiped ətraf mühitə heç bir ziyan vurmadan hərəkəti təmin edir. Siz öz velosipedinizi fiziki gücünüzlə hərəkətə gətirməklə onu növbəti yürüş üçün enerji ilə təmin edirsiniz. Qısacası velosipediniz üçün enerjini özünüz istehsal edirsiniz. İlkin mərhələdə toxum yatırım olaraq 5 milyon dəyərləndirmə ilə San Fransiskoda 1 milyon dollar yatırım alıb. 2017-ci ilin yanvar ayında isə “Pon Holdings” açıqlanmayan bir rəqəmlə şirkəti öz tərkibinə qatıb.

 

 

2. “BlaBlaCar” – Uzunməsafəli səyahətlər zamanı xərcin optimallaşdırılması üçün səyahət edənləri bir araya gətirən bu startapın digər bir məqsədi də maşın sayının azadılması və ifrat maşın istifadəsini azaltmaqdır. Eyni istiqamətə səyahət edən insanlar bir nəqliyyat vasitəsilə səyahət etməsini təmin edən startap, bugünə qədər 7 oxşar layihəni də satın alaraq, qlobal böyük şirkətə çevrilib. Ümumilikdə 4 seriyada yatırım alan “BlaBlaCar”, toplam 310 milyon dollar investisiya cəlb edə bilib.

 

 

3. “Scoot Networks” – Daha bir maşın-paylaşım startaplarından biri olan “Scoot Networks” eyni zamanda “Cleantech” əsaslıdır. Belə ki, siz “Scoot Networks”ün fəaliyyət göstərdiyi şəhərlərdə tətbiqdən istifadə edərək, elektriklə işləyən “scoot” motosikletləri icarəyə götürürsünüz. 2 dollardan başlayan qiymətlərlə xidmət təklif edən “Scoot Networks”, 2013-cü ildə 1 milyon, 2014-cü ildə isə 2 milyon 300 min dollar yatırım alıb.

 

 

4. “Rachio” – Daha bir “hardware” və “software”i bir araya gətirən suvarma əsaslı startap. “Rachio” bulud əsaslı yaratdığı “Iro” tətbiqi ilə suvarma vərdişlərini bir üst səviyyəyə daşıyır. Quraşdırılan “Rachio” cihazı, Android və iOS platforması üçün hazırlanmış tətbiq əsasında çalışır. Siz tətbiq və veb interfeysdən cihaza qoşularaq istədiyiniz an və olduğunuz yerdən asılı olmayaraq öz baxçanızı suvara bilərsiniz. 2014-ci ildə 700,000 dollar investisiya cəlb edən “Rachio” komandası, növbəti mərhələdə bu rəqəmi 7 milyon dollara qədər çıxara biliblər. A seriyalı investisiya “Miramar Venture Partners” tərəfindən həyata keçirilib.

 

 

5. “Reaction – Exo Shelter System” – İnsanların ən əsas ehtiyaclarından biri olan sığınacaq mövzusunda yaradılan bu startap, daşınıla bilən həll təklif edir. Reaction tərəfindən hazırlanan “hardware” və “software” məhsul olan “Exo” bir növ daşınıla bilən ev rolunu oynayır. Hər il milyonlarla insanların müxtəlif fəlakətlər ucbatından evini itirdiyini yaxud evsiz yaşadığını ön plana çəkən startap bir növ onlar üçün tam funksional həll təklif edir. “Exo” sığınacaqlar hər bir təhlükəyə davamlı, ağıllı və daşınıla bilən evlərdir. Bu evlər həm iş üçün, həm istirahət həm də əyləncə üçün istifadə oluna bilər. Sözügedən startap 2015-ci ildə “AME Cloud Ventures”dən 10 milyon dollar yatırım almışdır. 

 

 

“Cleantech” sahəsində ölkəmizdə hansı startaplar var?

Velokuryer– Ekoloji kuryer xidmətini Bakıda müştərilər üçün təqdim edən bu layihədə, göndərişlər velosipedlər vasitəsilə daşınır. Həm sürətli, həm vaxtında çatdırılma ilə yanaşı bu xidmətin ətraf mühitə verdiyi töhvə də əvəzsizdir. Velokuryer haqqında ətraflı məlumatı və çatdırılma taariflərini buradan öyrənə bilərsiniz.

 

Yolget.az– Tətbiq yuxarıda bəhs etdiyimiz “BlaBlaCar” xidmətinin lokal variantıdır. “Yolget.az” eyni istiqamətə şəhərdaxili və şəhərlərarası səyahət edən insanları birləşdirən platformadır. Burada sürücülər qeydiyyatdan keçməklə hər gün getdikləri yol üçün sərf etdikləri xərcləri daha da optimallaşdıra bilərlər. Xidmətdən istifadə edən sərnişinlər isə çox az məbləğ qarşılığında taxi xidmətlərindən çox aşağı qiymətə gündəlik özlərinə lazım olan məntəqəyə çata bilirlər. Tətbiqin ətraf mühitə verdiyi fayda isə, təbiətə buraxılan tüstünün azaldılması və lazımsız maşın istifadəsinin qarşısını alaraq, optimal həll təklif etməsidir. Startap haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

 

Ümid edirik ki, bu məqaləmizdə sizlərə “Cleantech”in əslində sosial məsuliyyət yox, qlobal potensiallı müasir bir biznes sahəsi olduğunu çatdıra bildik. “Green Business” həm insanlara dəyər və fayda, həm ətraf mühitə töhvə, həm də sizə mənfəət qazandırır. “Cleantech” texnologiyaları insanların həyatını asanlaşdırmaqla yanaşı, təbiəti, ətraf mühiti və gələcəyimizi qoruyur. Son olaraq sizə daha bir şad xəbəri çatdırmaq istəyirik.

 

Dünyaca məşhur “ClimateLaunchpad” proqramı hər il ölkəmizdə də keçirilir və rəsmi olaraq Azərbaycandan da startaplar bu proqramda iştirak edirlər. Əgər sizin də “yaşıl biznes” ideyanız varsa və onu inkişaf etdirmək istəyirsinizə mütləq bu ClimateLaunchpad 2020 proqramına müraciət edin. Qeyd edək ki, Azərbaycanda keçirilən proqramda qalib gələn startaplar, ölkəmizi qlobal arenada təmsil edəcək və mükafat uğrunda yarışacaqlar.

 

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.